“Xalçaçılıq üzrə
zona sərgisi bölgələrdə ilk olaraq Qaxda
keçirilir”
“İçəribazar»
Turizm Mədəniyyət Mərkəzinə gələn hər
bir turist rayonumuzun keçmişi, əhalinin yaşam tərzi,
adət-ənənəsi, məişəti, kulinariyası
haqqında müfəssəl məlumat almaq imkanına malikdir”
Layihə çərçivəsində
müsahibimiz Qax rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Nəzir Omarovdur:
-Rayonda
keçirilən “Kitab bayramı” haqqında nə deyə bilərsiniz?
- Hər il ənənəvi olaraq respublikamızda, o cümlədən rayonumuzda ümumrespublika tədbiri kimi «Kitab bayramı» keçirilir. Bu il də ənənəyə sadiq qalaraq rayonda bayram yüksək səviyyədə keçirildi. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunana bu bayram iki mərhələdə təşkil olundu. Birinci mərhələ MKS-nin Metodika-biblioqrafiya şöbəsinin hazırladığı “Kitabla dost ol, fəal oxucu ol” layihəsi idi. Bu layihədə rayonun bütün kəndləri iştirak edirdi. Müsabiqə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdu və bir ay davam etdi. Üç nominasiya üzrə keçirilən bu müsabiqədə əsas məqsəd oxucuları mütaliəyə yönəltmək, kitabxanaya cəlb etmək, ulu öndərin ictimai-siyasi fəaliyyətini, ədəbi irsi təbliğ etməkdən ibarət idi. «Kitab bayramı»nda 18 bölmə üzrə 500 nüsxədən artıq kitab sərgisi təşkil olundu, 200-ə yaxın elektron kitablar nümayiş olundu. Tədbir boyu mədəniyyət işçilərinin hazırladığı rəngarəng musiqi nömrələri və rəqslər ifa olundu.
Tədbirdə “Kitabla dost ol, fəal oxucu ol” müsabiqəsinin qalibləri mükafatlandırıldı. Mayın 21-də reallaşdırılan “Kitab tariximizin canlı salnaməsidir” adlı «Kitab bayramı» rayonun kitabsevərlərinə xoş anlar yaşatdı. İştirakçılar öncə “Heydər Əliyev-90”, “Zərifə Əliyeva-90”, “Heydər Əliyev şəxsiyyəti əsərlərdə”, “Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” və digər müxtəlif başlıqlı sərgilərlə tanış oldular.
-
Xalçaçılıq üzrə sənətkarların əl
işlərindən ibarət zona sərgisinin keçirilməsində
məqsəd nədir?
- Ümummilli liderin 90 illik yubileyi münasibətilə mayın 21-də Qax rayon Rəsm qalereyasında “Xalı və xalçaçılıq” üzrə sənətkarların əl işlərindən ibarət zona sərgisi açıldı. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkil etdikləri sərgidə Şəki-Zaqatala bölgəsi və ətraf rayonların sənətkarlarının 60-a yaxın əl işi nümayiş etdirildi. Sərginin açılış mərasimində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Rafiq Quliyev bildirdi ki, ulu öndərin 90 illik yubileyinə həsr olunmuş bu sərgi bölgələrdə ilk olaraq Qax rayonunda keçirilir. Regionlardan sonra Bakı şəhərində respublika sərgisi təşkil olunacaq. Bu sərginin daha sonra Belarus Respublikasının paytaxtı Minsk şəhərində də keçirilməsi planlaşdırılır. Qeyd olundu ki, sərginin keçirilməsində əsas məqsəd mədəni irsimizə aid, lakin itib, batmaqda olan, unudulan xalı və xalçaçılıq nümunələrini üzə çıxarmaq, bu əl işlərinin daha geniş təbliği, sənətkarlıq nümunələrinin məhz Azərbaycan xalqına məxsusluğunu bir daha sübuta yetirməkdir. Daha sonra sərgiyə baxış oldu. Sərgidə nümayiş etdirilən əl işləri - xalça, kilim, heybə, xurcun, corab və digər sənətkarlıq nümunələri iştirakçılar tərəfindən maraqla qarşılandı. Ən yaxşı əl işləri respublika sərgisində nümayiş etdiriləcək. Bunlardan savayı, 28 May Respublika Günü münasibətilə müəssisələrdə sərgilər, guşələr təşkil edilib, kitabxanalarda biblioqrafik vəsaitlər hazırlanıb. Qum kənd Mədəniyyət evində “Anam Azərbaycan, Vətən, can Vətən”, Qax-ingiloy kənd Mədəniyyət evində “Bir nəğmədir Azərbaycan” adlı ədəbi-bədii gecələr keçirilib. Şotavar, Zəyəm, Qorağan, Almalı, İlisu kənd Mədəniyyət evlərində isə konsert proqramı keçirilib. 27 may tarixində Nizami Gəncəvi parkında rayon Mədəniyyət evinin “Arzu” və “Çeşmə” ansamblları əhali qarşısında geniş konsert proqramı ilə çıxış edib. 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə rayon Uşaq Fondu Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Xoşbəxt gələcəyimiz” adlı əyləncəli konsert proqramı təşkil edib. Tədbirin sonunda uşaqlara Uşaq Fondunun və şöbəmizin xatirə hədiyyələri verildi.
- Qax respublikamızın
məşhur turizm bölgələrindən biridir. Bu potensialdan necə istifadə edilir?
- Dövlətimiz
tərəfindən turizmə olan qayğı və diqqətin
nəticəsidir ki, respublikamızın digər bölgələri
ilə yanaşı, Qax rayonunda da bu illər ərzində nəzərə
çarpacaq dərəcədə əməli işlər
görülüb. Hazırda 11 turizm obyekti turistlərə
xidmət göstərir. Rayonumuzda yeganə beş ulduzlu “El
Resort” otelinin açılışı turizmə olan maraq və
diqqətdən xəbər verir. Obyektin
açılışında dövlət
başçısı da iştirak edib. Belə turist obyektləri
bölgələrin turizm potensialının
tanıdılması və təbliğində böyük
rol oynayır. Qax respublikamızın zəngin yeraltı,
yerüstü su sərvətlərinə, mineral xammal
ehtiyatlarına, əlverişli iqlim şəraitlərinə
malik rayonlardandır. Rayonun mülayim və saf dağ iqlimi, zəngin
mineral şəfa bulaqları, ərazinin gözəl təbii
mənzərələri, düzənlik və dağ meşələri,
habelə digər cəlbedici təbii guşələr burda
bütün ilboyu fəaliyyət göstərən istirahət
və turizm mərkəzlərinin yaradılması və
turizmin inkişafı üçün çox əlverişlidir.
Rayonumuz flora və faunası ilə yanaşı, qədim
yaşayış məskənlərindən biri kimi, tarixi
abidələri ilə mühüm əhəmiyyət kəsb
edir. Məlumdur ki, turistlərin əsas maraq obyekti olduğu
ölkənin tarixi, məişəti, adət-ənənələri,
gəzməli və görməli yerləridir.
Rayonda gedən
geniş quruculuq və abadlıq işləri, gəzməli,
görməli yerlərin sayının çoxalması da
turistlərin rayonumuza marağını daha da artırıb.
Şəhərin mərkəzində yerləşən “Qala
qapısı və qala divarları” memarlıq abidəsində
aparılan restavrasiya işləri, burada yaradılan
“İçəribazar” Turizm Mədəniyyət Mərkəzi
buna ən parlaq misaldır. Mərkəzə gələn hər
bir turist rayonumuzun keçmişi, əhalinin yaşam tərzi,
adət-ənənələri, məişəti,
kulinariyası haqqında müfəssəl məlumat almaq
imkanına malikdir. Mədəniyyət Mərkəzində
turistlərin, o cümlədən yerli əhalinin asudə
vaxtının səmərəli təşkili məqsədilə
onlarla mədəni-kütləvi tədbir keçirilib.
Rayonumuzda
turistləri cəlb edən məkanlardan biri də yerli iş
adamı tərəfindən yaradılmış süni
balıq gölüdür ki, turistlər burada həm balıq
ovlamaqla asudə vaxtlarını səmərəli
keçirir, həm də balıqdan hazırlanmış
müxtəlif çeşidli yeməklər onların
marağına səbəb olur. Rayonumuzda turizm növlərindən
kənd yaşıl, müalicə, istirahət turizmi daha
geniş yayılıb. Kənd yaşıl turizmi bunlar
içərisində daha çox inkişaf edib, xüsusilə
də yerli turistlərin ən çox istifadə etdiyi turizm
növüdür. Son zamanlar xarici turistlərin də bu turizm
növündən istifadə etməsinə maraq artıb. “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə Turizmin
inkişafına dair Dövlət Proqramı”nın
mühüm tələblərindən biri də xüsusilə
kənd yaşıl turizmini inkişaf etdirməklə əhalinin
sosial səviyyəsinin daha da yüksəltməkdir. Kənd
evlərində istirahət edən turistlərin istirahətinin
səmərəli təşkili də nəzərdən
yayınmır. Bu məqsədlə ev sahibləri ilə
görüşlər keçirilib, onlarla maarifləndirmə
işləri aparılıb, turistlərə xidmət səviyyəsinin
yüksəldilməsi istiqamətində təlimatlar verilib,
onlara vəzifələri izah edilib. Ev sahiblərinin diqqətinə
çatdırılıb ki, məqsəd yalnız gəlir əldə
etmək deyil, bölgəmiz və onun turizm imkanları
haqqında turistləri məlumatlandırmaq, lazımi səviyyədə
xidmət göstərərək onların diqqətini daha
çox regiona cəlb etmək və turistlərə bələdçilik
etməyi bacarmaqdır. Bölgəmizin tarixi, məişəti,
mədəniyyəti, sənətkarlığı,
kulinariyası barədə turistləri məlumatlandırmaq,
turistlərin maraq dərəcələrinə uyğun olaraq
istirahətlərini təşkil etmək ən başlıca
vəzifədir. Nazirliyin əməkdaşları da rayonumuzda
monitorinqlər zamanı bu məsələlərin vacibliyini əhalinin
nəzərinə çatdırıblar.
Elmin,
texnikanın inkişaf etdiyi, informasiya cəmiyyətinin
qurulduğu, informasiya texnologiyalarının hər sahədə
tətbiq olunduğu indiki zamanda turizm sənayesinin
inkişafında, təbliğində onların, xüsusilə
də internetin rolu danılmazdır. Rayonun elə turizm obyekti
yoxdur ki, internet xidməti olmasın. Turistlər çox rahat
bu xidmətdən yararlanırlar. İstirahət
zonalarında yerləşən hər bir kənd sürətli
internet xətti ilə təchiz edilib. Bu da kənd turizminin
inkişafına kömək göstərən amillərdəndir.
Rayonumuzda turizm obyektlərində yerlərin sayı 700-ə
çatdırılıb, qiymətlər 17-50 manat arasında
dəyişir. Mövsüm ərzində qiymətlərdə
endirimlər həyata keçirilir. Gələn turistlərin
sayı ildən-ilə artır.
Anar Miriyev
Palitra.-2013.-14 iyun.-S.11.